Narkotik asılılığından xilas olan şəxs məşğulluğa cəlb edilməlidir - MÜSAHİBƏ

Anar Əliyev: “Dövlət dəstək verməlidir ki, o insanlar düz yolla getsin, pis yola dönməsin”

“Gənclərin narkomaniyasının “sponsoru” valideyndir”

“Bizdə narkomaniyanın əsas səbəbkarı valideynlərdir. Bu infantilizmdir. Valideynlər imkan vermir ki, övladları yetkinləşsin...”

Azərbayacanda qumar asılılığı hazırda pis vərdişlərin içində ən çox tüğyan edənlərdən biridir. Bunu reabilitasiya mərkəzlərinə edilən müraciətlər ortaya qoyur. Hansı ki, indi ölkəmizdə asılılığın mənzərəsi qumarın “xeyrinə” artıb. Vəziyyət o həddə çatıb ki, narkomanların saynın artması kimi, bu sahəyə də təcili rəsmi müdaxilə gərəklidir. Eləcə də narkotik asılılığından qurtarmış şəxslərin bir daha köhnə vərdişlərinə qayıtmaması da vacib məsələdir. Əmək fəaliyyəti onlar üçün davamlı gedəcək islah-reabilitasiya prosesidir. Mövzunu “Sağlam Addım” reabilitasiya mərkəzinin rəhbəri Anar Əliyevlə müzakirə etdik.

- Anar bəy, araşdırmamız göstərir ki, ölkəmizdə qumar asılılığı narkotik asılılığına çatıb, hətta onu ötmək üzrədir. Bu barədə reabilitasiya mərkəzinin rəhbəri kimi nə deyə bilərsiniz?

- Əvvəl qumarbazlar çox inkarda idilər. Yəni asılı olduqlarını etiraf etmirdilər. Elə hallar olur ki, müraciət edən qumarbazlar ikitərəfli asılı olurlar, yəni həm qumar oynayırlar, həm “patı” çəkirlər. Elə xəstələr də olur ki, prosesin ortasında alkoqolizmə düçar olurlar. Belə xəstələr reabilitasiyaya daha rahat gəlirlər. Biz onlara həm qumar, həm də narkotik üçün analitik tapşırıqlar veririk. Amma sırf qumar asılıları ki, zəng edirlər, deyirlər, biz gəlib 6 ay qala bilməyəcəyik, onların sonu ölümlə nəticələnir. Televiziyada, sosial şəbəkələrdə verilən ölüm xəbərlərindəki intihar edənlər onlardır - özünü “balkon”dan atanlar, maşının altına atanlar, özünü asanlar və s.

İndi qumarla bağlı kömək istəyənlərdən daha çox zənglər gəlir. Hətta belə deyə bilərik ki, müalicə zənglərinin yarısı qumarbazlardan gəlir. Demək olar ki, kömək istəyənlərin yarısı narkotiklə, yarısı qumarla bağlı zəng edir.

Qumarla bağlı zəng edənlərin çoxu xanımlardır. Qumarbazlar bu işə başlayanda bir-iki ilə həyatları “silkələnir”. Alkoqolozm belədir ki, adam asılılığını anlamır. Deyir ki, mən neyləyirəm, toyda, məclisdə stress atmaq üçün içirəm. Bu bəhanələrlə prosesi 10-15 il uzadırlarlar. Bu zamana qədər də ağır fəsadlar yaranır, ayaqlar şişir, işləmir, daxili orqanlarda problemlər yaranır.

Çöldə olan narkotik istifadəçiləri isə kifayət qədərdir, amma özlərini gizlədirlər. Düşünürlər ki, istədiyim vaxt dayandıracağam. Valideyn biləndən sonra isə özfəaliyyətlə məşğul olmağa başlayır. Guya, özünün bildiyi metodikayla övladını sağaldacaq. İstifadəçi övladı isə narkotik asılısı olduğunu inkar edir. O, deyir ki, mənə maşın al, düzələcəm. Valideyn maşın alır. İstifadəçi övlad gedib qəza törədir. Sonra deyir k, məni evdə saxla, sistemlər edin, düzələcəm. Belə-belə vaxt gedir, asılılıq dərinləşir.

Bu yaxınlarda bir hadisə ilə üzləşdim. Narkomanı evləndiriblər ki, düzələcək. Guya, onu hansısa işə düzəldəcəklər. Bu da prosesi uzadır...

Əsasən valideyn məsələni nəzarətdə saxlamalıdır. Məsələn, bizdə gənclər var ki, valideyni onun narkotik istifadə etdiyindən tez xəbər tutub, qərara alıb ki, övladı narkotik istifadə edirsə, həyatı dağılmağa başlayacaq, gətirib reabilitasiyaya, o da sağalmağa başlayıb. Övlad da narkotik istifadəçisi olduğunu qəbullanıb, başlayıb sağalmağa. Amma elə valideyn də var, məsələnin ciddiyətini anlamır, deyir ki, övladımı özüm tənbeh edəcəm, düzələcək. Anlamır ki, “patı” o adamın beynini qurudub, tənbeh ona təsir etməyəcək.

Problemin 90% -i valideynlərdədir. Gənclərin narkomaniyasının “sponsoru” valideyndir. Bizdə valideyn 40 yaşına kimi övladının arxasınca düşür, nəvəsinin pampersini, yeməyini, yorğan-döşəyini alır. Amma başqa xalqlarda belə deyil. Ona görə də bizdə narkomaniyanın əsas səbəbkarı valideynlərdir. Bu infantilizmdir. Valideynlər imkan vermir ki, övladları yetkinləşsin. Bizim babalarımızın dövründə ev soyuq olanda baltanı 10 yaşında oğluna verirdi ki, get meşəyə, odun kəs, gətir sobaya at. Bu rəftar yeniyetməni inkişaf etdirirdi. İndi necədir – oğlunu evləndirəndə ona ev, maşın alır, oğlunun uşağına yemək alır... Bu da onu yetkinləşməyə qoymur. Yetkinləşmək üçün insan həyatında əziyyətlər görməlidir, zəhmət çəkməlidir. Narkomaniyada da belədir, buna həmasılılıq xəstəliyi deyirlər. Valideyn “Kartman üçbucağı”na düşür, öz aləmində uşağına xilaskarlıq etməyə başlayır. Bir nəticə də vermir, hər şey boş-boşuna gedir.

- Bəs sizdə “srıvnik”lərlə bağlı vəziyyət nə yerədir, onların sayı çox olur?

- Reabilitasiyadan 10 nəfər çıxırsa, onun 3-ü “srıv edir”.

- Onlar sizə geri qayıdırlarmı?

- Əlbəttə. Reabilitasiyadan sonra 10 nəfər ayıq həyata çıxırsa, biz 6 ay ərzində onların valideynlərilə də işləyirik. Bizim valideyn qrupu var, mənim öz valideynim də oradadır. Həmn o qrupda valideynlər bir-birinə dəstək verirlər. Valideyn reabilitasiyanın yolunu tanıdısa, buna qədərki etdiyi özbaşınalıqlar, xilaskarlıqlar bitir. Həmin an bizə müracət edirlər, biz gedib onun övladını gətiririk, mərkəzə yerləşdiririk, reabilitasiya prosesinə başlayırıq.

- Bəs narkotik asılıları “ayıq həyata” geri qayıtdıqdan sonra onların əmək fəaliyyəti necə tənzimlənməlidir?

- Belə bir şey deyim. “Srıvnik”lərin boşluğu nədən irəli gəlir –  6 ay mərkəzdə reabilitasiya keçəndən sonra biz onları çölə adaptasiya edirik. Bu, bizim bacardığımız hissədir. Bunun sonrasını isə ya valideyn, ya dövlət qurmalıdır ki, onları çəkib düzgün həyata qaytarsın. Onlarda ilk növbədə özünəqiymət aşağı düşür. Bu adam həyatını darmadağın edib, nə pulu, nə hörməti, nə karyerası, nə cəmiyyətdə bir statusu var. Bu statusun qalxması üçün nə etmək lazımdır? İnsanın bir məşğuliyyəti olmalıdır, əməklə məşğul olmalıdır. Amma bunu edə bilmirlər. İnanırsınız, bizim mərkəzimizə ayıq həyata çıxmış nə qədər adam gəlib-gedir. Nə edim, deyirəm ki, gəlib-gedin. Çünki görürəm ki, boşluqdan yenə istifadəyə gedəcək.

- Siz onların hamısını işlə təmin edə bilməzsiniz axı.

-Bəli, amma deyirəm gəlin-gedin. Amma ailələri tərəfindən, dövlət tərəfindən məşğulluq məsələsi həll edilsəydi, lap yaxşı olardı.

- Sizcə, onların hansı peşələrdə işləməsi yaxşı olardı?

- Azərbaycanda məğulluq idarələri var. Onların daxilində hər bir insanın potensialına görə işlə təmin etmək olar. Məsələn, bizim reabilitasiyada 60 adam varsa, bilirəm ki, onların hər biri hansı sektorda inkişaf edə bilər. Biz öz mərkəzimizi bitirənləri hazır kadrlar kimi Məşğuluq Agentliyinə ötürə bilərik. Elə uşaqlar var ki, əvvəl polisdə işləyib, indi də mühafizədə gözəl işləyə bilər. Adam var ki, gözəl aşbazdır. Adam var ki, kafe-restoran sistemini yaxşı bilir. Adam var ki, yaxşı satıcıdır, yaxı saatsazdır. Elə insanlar var ki, əvvəl hansısa peşənin sahibi olublar. Bizim mərkəzdə mən onun qabiliyyətini, potensialını aşkara çıxarıram. Elələri də var ki, yaxşı idarəçidir, potensial kadrdır, məsələn, kassanı düzgün işlədir, bir manat da yanlışı yoxdur. Biz də bu kadrları sertifikatla təmin edirik. ABŞ-da “12 Addım” proqramını keçənlərə xüsusi sertifikat verirlər. O sertifikatla istənilən yerə yaxınlaşıb, orada işləyə bilərlər.

- O sertifikatda nələr yer alır?

- O sertifikatda yazlır ki, bu insan proqram keçib, dürüsüt hərəkətə hazırdır. Yəni bu insan proqram keçib, onda olan pis vərdişlərdən, nadürüstlüklərdən və bir çox şeylərdən azad olub, hazır kadrdır, onu istənilən dövlət müəssisəsinə, hansısa kollekivə yönəltmək olar, orada davamlı şəkildə işləyəcək. Həm də bizim öz anonim qrupumuz var, biz bir-birimizi çöldə də idarə edirik. Bizim çöldəki üzvərimizi birləşdirən vatsap qrupumuz var. Yəni biz qoymuruq çöldəki üzvlərimiz nəzarətsiz qalsın. Sanki bir yol çəkmişik. O insan o yolla gedir. Dövlət də bir tərəfdən dəstək verməlidir ki, o insanlar həmin düz yolla getsin, pis yola dönməsin. Baxın, həbsxanadan çıxan narkomanlara dövlət sosial adaptasiyası məqsədilə 1400-1500 AZN pul verir, boş-boşuna. Bunlar da nə edirlər-yığılırlar, gedib o pulla telefonla İrandan gizli yerlərə “narkotik zakladkası” atdırırlar.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az