Bakıda kütləvi davada adam bıçaqlayan şəxs yenidən məhkəmə qarşısında

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rəcəb Ağamalıyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq.

İttihama görə, Rəcəb Ağamalıyev qardaşı Hafizin mübahisə etdiyi şəxslərlə dava edərkən onlardan birinə bıçaqla zərbə endirib. Hadisə zamanı özü də ölümcül xəsarət alıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisədən üç gün əvvəl qardaşı Hafiz Ağamalıyev ilə zərərçəkmiş Nuhbala Səmədov (soyadı şərtidir) arasında mübahisə baş verib. Buna səbəb məhəllədə bir-birlərinə yol verməmək olub. Onlar avtomobili bir-birinin üzərinə də sürüblər.

Hadisədən sonra zərərçəkmiş şəxs və tanışları məsələni "həll" etmək üçün onların evinə gəliblər. Qardaşı ilə mübahisə etməyə davam ediblər. Rəcəb Ağamalıyevin sözlərinə görə, hadisə zaman onu və atasını da döyüblər: "Evin qarşısında toplaşmalarının səbəbini soruşdum. 3 nəfər beysbol taxtaları ilə vurmağa başladı. Mənə 17 bıçaq zərbəsi vurulub. 4 gün komada qalmışam. Atamın evinə basqın edilib. Döyülüb, bıçaq zərbəsi vurulub. Mən heç kimə bıçaqla xəsarət yetirməmişəm. Məni vuranlar Miran, onun qardaşı Nuhbala və bibisi oğlu Bəhruz olub".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəcəb Ağamalıyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə ilə bağlı Rəcəbi, qardaşını və atasını döyən şəxslər barəsində ayrıca cinayət işi açılıb. Həmin şəxslər daha ağır cəza alıblar. Onlara 8-15 il müddətinə azadlıqdan məhrumetmə cəzaları təyin edilib.