“Qolumu kəsirdim ki, qan çıxsın, baxım, sakitləşim”
“Narkoman olduğum üçün qohumlar məndən üz döndərdi”
Nəsirov Cəlil Mais oğlunun 25 yaşı var. 8 il narkotik asılılığından əziyyət çəkib.
Cəlil deyir ki, uşaq vaxtı, 8-9 yaşından evdən qaçmağa, siqaret çəkməyə başlayıb. Sonradan isə narkotikə meyl edib. Onun sözlərinə görə, buna səbəb atasının da yüngül narkotik istifadəçisi olması olub.
Atası rəhmətə gedəndən sonra isə daha çox “özbaşınalıqlar etməyə” başlayıb. Belə ki, bundan sonra məhəllədə narkotik istifadə edənlərlə oturub-durub. Bunların hamısı isə ondan yaşca böyük olub.
Cəlil etiraf edir ki, narkotik almağa pul tapmayanda evdən, mağazalardan oğurluq edib. Bu səbəbdən, dəfələrlə sutkalıq həbsdə yatıb.
Müsahibimz deyir ki, narkoman olduğu üçün bütün qohumları ondan üz döndərib, yalnız anası ona sahib çıxıb. O, bildirir ki, narkotik istifadə etdiyi müddətdə ciddi psixoloji sarsıntılar keçirib. “Qolumu kəsirdim ki, qan çıxsın, baxım, sakitləşim”, - deyən Cəlilin dediyinə görə, 4 dəfə Maştağada yerləşən narkoloji dispanserdə detoksikaysiya, 2 dəfə isə bərpa prosesi keçsə də, asılılıqdan xilas ola bilməyib.
Daha sonra “Sağlam Addım” Reabilitasiya Mərkəzində pulsuz müalicə olunmaq şansı əldə edib. Artıq 3 ildir narkotikdən xilas olmağa çalışsa da, bu müddətdə 3 dəfə “sırıv” etdiyini də gizlətmir. Lakin artıq 1 ilə yaxındır “ayıqdır”
Üstəlik, hazırda o, öz təcrübəsini gənc narkomanlarla bölüşərək, onların da sağlam həyata qayıtmasına çalışır.
Buyurun, Cəlilin həyat hekayəsini onun öz dilindən dinləyin.
Stopnarkotik.az